Twitter’də bu 5 şeyi etməyin! | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Twitter’də bu 5 şeyi etməyin!


olmazDünyanın ikinci ən populyar sosial şəbəkəsi olan Twitter Azərbaycanda da istifadəçisi sayını artırmaqdadır bu haqda  @orkhanrzayev yazır. Facebook kimi, istədiyiniz hər kəsi burada tapa bilməzsiniz amma bir çox faydalı tərəflərindən yararlana bilərsiniz. Bu yazıda Twitter’in faydalarından deyil, Twitter’də edilməməli 5 əsas şeydən bəhs edəcəyik. Qeyd edilənləri etmək sizin izləyicilərinizin sayını və profilinizin nüfuzunu azaldır, yazdıqlarınıza olan marağı öldürür. Beləliklə, Twitter’də bu 5 şeyi etməyin:

1. Profil şəklini – “Yumurta”nı saxlamayın!

Əgər siz Twitter’də qeydiyyatdan keçmisiniz , amma hələ də profilinizdəki yumurta şəklini dəyişməmisinizsə bunu dərhal edin. Onun yerinə öz şəklinizi və ya hansısa başqa bir şəkil yerləşdirin. Profil şəkli yumurta olan əksər istifadəçilər saxtadır və bu baxımdan əgər siz Twitter’də aktiv olsanız belə, əgər profil şəkliniz yumurtadırsa istifadəçilərin sizi izləmə və sizi ciddiyə alma faizi bir neçə dəfə az olacaq. Profil şəkli ilə bərabər örtük şəklini də mütləq dəyişin və sizi (düşüncənizi, işinizi, arzularınızı və s.) ifadə edən bir şəkil yerləşdirin. Özünüz haqda informasiya doldurun.

2. Facebook-u connect etməyin!

Bir çoxları fikirləşir ki, Facebookda paylaşdığı statusların həm də Twitterdə yayımlanması onun Twitter’də aktivliyini artırır. Lakin bu, əksinə olaraq, sizin Twitter profilinizin imicinə ziyan verir. Birincisi, nəzərə almaq lazımdır ki, Twitter’də Facebook’dan fərqli olaraq limit var və bir statusunuz maksimum 140 simvoldan ola bilər. Sizin Facebookda yazdığınız uzun statuslar Twitter’də “Bu gün səhərdən uşaqlarla görüşməyi… fb.me/g8fh4asdnOp4″ şəklində çıxır. Yəni statusunuzu tam oxumaq istəyən şəxs həmin linkə klikləyərək Facebook’a keçməlidir. Bununla da siz izləyicinizi başqa bir sosial şəbəkəyə yönləndirirsiniz. Bu isə Twitter’də “oturan” adamın xoşuna gəlməyə bilər. Yəni istəsəydi, Facebookda oturardı. Bəlkə də heç Facebook profili açıq deyil. İkincisi, sizin tvit’inizə kimsə cavab yazıb, nəsə soruşsa siz onu görməyəcəksiniz və cavablandırmayacaqsınız. Bu isə qarşı tərəfə xoş deyil təbii ki. Belə halla qarşılaşan istifadəçinin sizi unfollow etməsi ehtimalı yüksəkdir. Üçüncüsü, təsəvvür edin, profilinizdə bütün paylaşımlar yuxarıdakı link şəklində çıxır, bu zaman profiliniz spam profilinə bənzəyir ki, heç kim belə profili izləmək istəmir.

3. Çoxlu #hashtag yazmayın.

Hər tvitdə 2-3 hashtag yazmaq normal sayılır. Situasiyadan asılı olaraq bu rəqəm 5-ə qədər arta bilər. Lakin ondan daha çox sayda hashtag qeyd etmək effektif deyil və izləyicilərinizi yora bilər. Bu isə nəticədə izləyici sayının azalmasına səbəb olacaq. Heç hashtag yazmamaq da yaxşı hal deyil. Belə olduqda sizin yadığınız tvit həmin mövzu üzrə yazılan tvitlərdən kənarda qalacaq. Çalışmaq lazımdır ki, yazdığınız tvitin məzmununa uyğun olan 1, 2 və ya 3 hashtag qeyd edəsiniz.

4. Sizə yazılan hər mention’u Retweet etməyin!

Bu hal adətən Twitter’ə yeni qoşulan istifadəçilərdə müşahidə olunur. İzləyici sayı az olduğundan təbii olaraq onun tvitlərinə cavab yazan, Retweet və Favorite edən istifadəçi sayı da az olur. Buna görə də istifadəçi ona yazılan cavabı Retweet etməklə sanki ətrafındakılara onun Twitter’də qəbul edildiyini, sayılıb-seçildiyini, diqqətin olduğunu göstərməyə çalışır. İnanın, bu, əksinə sizin izləyicilərinizin Timeline’nını boş yerə doldurur və bunu görən əksər izləyiciləriniz sizi unfollow edə bilər.

5. “Ayağım qaşındı”, “yuxum gəlmir” kimi tvitlər yazmayın!

Bəli, sosial şəbəkələr azad bir məkandır və hər bir kəs istədiyi fikri orada yazıb, paylaşa bilər. Lakin bu o demək deyil ki, ayağınız qaşınanda, bunu Twitter’də qeyd edəsiniz. Əmin olun ki, bu kimi tvitlər əksər istifadəçilər tərəfindən qeyri-ciddi qarşılanır. İstifadəçilər bu kimi tvit yazanları unfollow və ya Twitter’in verdiyi yeni imkanla “Mute” edir. (Mute – İzləyiciniz sizi unfollow etmir, amma yazdıqlarınız onun Timeline’ında çıxmır).

Əgər siz yuxarıda qeyd edilənlərdən hansınısa hələ də edirsinizsə bu andan onu tərgidin. Təbii ki, əgər izləyicilərinizin sayının artmasını və profilinizin imicinin qalxmasını istəyirsinizsə…

www.orkhanrza.com


Kateqoriya: Sosial Media. Qısa keçid.