Twitter diplomatiyası | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Twitter diplomatiyası


Screenshot_1Müasir texnoloqiyaların inkişafı ilə bərabər sosial şəbəkələr də daha çox kütləni və insan fəaliyyətinin daha çox sahələrini əhatə edir. Kommersiya qurumları, siyasi təşkilatlar, dövlət qurumları və siyasi xadimlər sosial şəbəkələrdən daha aktiv istifadə etməyə çalışırlar.

Bunların sırasında diplomatları da göstərmək olar. Bir çox, düşünən, zəkalı və deməyə sözü olan insanlar kimi diplomatlar da Twitter sosial şəbəkəsindən aktiv istifadə edir.

Bu gün aktiv Twitter istifadəçisi olmadan uğurlu diplomat olmaq çətindir.  İctimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində ixtisaslaşmış məşhur “Burson-Marsteller” şirkətinin apardığı araşdımaya əsasən dünya üzrə 3100 səfirlik və onların əməkdaşları “Twitter diplomatiyası” ilə məşğuldur. Məsələn Fransanın xarici işlər naziri Loran Fabiusun (@LaurentFabius) bu sosial şəbəkədə 118 mindən çox izləyicisi var, İsveçin keçmiş xarici işlər naziri və aktiv Twitter istifadəçisi olan Karl Bildtin (@carlbildt) isə izləyiciləri 340 mindən artıqdır (Bu rəqəm Sumqayıtın əhalisindən çoxdur).

Sosial şəbəkədə, rəsmi press-relizdən fərqli olaraq, daha çox məhfuma toxunmaq, çərçivələrdən və quru rəsmi dildən bir qədər kənara çıxmaq mümkündür.

Azərbaycan Xarici İşlər nazirliyi, (@AzerbaijanMFA) xaricdəki səfirliklərimizlə yanaşı, Twitter-dan aktiv istifadə edən, dövlət qurumlarından biridir. Hətda nazirlik başqa dövlət qurumlarından irəli qedərək #Aztwi haştaqından istifadə edir, bu haştaq nazirliyin yayımladığı tvitlərin auditoriyasını böyüdmüş olur.

Diplomatik sahənin Twitter-in Azərbaycan seqmentində nə dərəcədə müzakirə olunduğunu bilmək üçün Aztwi-nin statistikasına müraciət etdik. Aldığımız məlumata görə 2014 – cü il ərzində;

“Səfirlik” sözü ilə 640 tvit, “səfir” sözü ilə 540 tvit, “diplomatik” sözü ilə 156 tvit, “diplomat” sözü ilə 634 tvit və “xarici” sözü ilə 2621 tvit yazılıb.

Xarici işlər nazirliyinin Twitter-dakı fəaliyyəti və bu sosial şəbəkəyə yönəlik planları haqqında daha ətraflı məlumat almaq üçün, nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyeva bir neçə sualla müraciət etdim;

Xarici işlər nazirliyinin neçə rəsmi hesabı var?

İlk əvvəl onu qeyd edim ki, Xarici İşlər Nazirliyinin Twitter (@AzerbaijanMFA), Facebook-da və eləcə də “youtube” –da ( https://www.youtube.com/user/MFAAzerbaijan ) rəsmi bir profili fəaliyyət göstərir. Bunlardan əlavə, Xarici İşlər Nazirliyinin www.mfa.gov.az ünvanında saytı da mövcuddur.

Bütün xəbərləri Twitter-da bölüşürsünüz yaxud Twitter üçün xüsusi xəbərlər seçirsiniz?

Bir qayda olaraq, sosial şəbəkələr, xüsusilə Twitter və qismən yeni yaradılmış Facebook səhifələrimiz vasitəsilə Xarici İşlər Nazirliyinin fəaliyyətinə aid olan və Kütləvi informasiya vasitələrinə verilən xəbərlərin yayılmasına çalışırıq. Amma bununla bərabər, mikrobloq kimi Twitter-in özünəməxsusluğunu və məlumatın ünvanlandığı hədəf auditoriyasının maraq dairəsini nəzərə alaraq, məhz Twitter üçün nəzərdə tutulan xəbərlər də hazırlayırıq. Eyni zamanda Twitter fəaliyyətimizdə Azərbaycan Respublikasının digər dövlət qurumları və Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri ilə əlaqələndirilmiş fəaliyyət həyata keçirərək, onların da məlumatlarını Twitter-in funksional fəaliyyətinin tərkib hissəsi kimi “Retweet” edilir. Eyni zamanda izləyici auditoriyamızın coğrafiyası geniş olduğu üçün Azərbaycan dili ilə bərabər, ingilis və digər dillərdə də məlumat paylaşmağa çalışırıq. Bu eyni zamanda sosial şəbəkə profillərimizin rəngarəngliyinə xidmət edir. Sosial şəbəkə fəaliyyətimizdə yeniliyə meylli olaraq, ölkəmiz, onun inkişafı və sair haqqında da yeni “#” (haştaqlar) yaradılmasına da çalışırıq. Auditoriyamızın genişliyini və burada fərqli maraq dairəsinə malik insanların olduğunu nəzərə alaraq, məlumatların bölüşməsində yalnız xarici siyasət xəbərləri ilə məhdudlaşmamağa çalışırıq. Ölkəmizin turizm potensialı, xalqımızın zəngin maddi-mədəni irsi, adət-ənənələri, ölkəmizin müasir inkişafı və sair haqqında xəbərlərə də üstünlük veririk. Digər üstünlüyümüz ondan ibarətdir ki, bizi izləyənlər arasında əcnəbi vətəndaşlar da çoxdur. Bu da ölkəmizin tanıdılmasının başqa bir vasitəsidir.

Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin Twitter -da öz hesablarını yaratdıqlarını görürük. Deyə bilərsiniz ümumilikdə neçə səfirliyimizin Twitter hesabı var?

Azərbaycan Respublikasının ABŞ, İtaliya, Los-Ancelsdəki Baş konsulluğu, Misir, Almaniya, Avstriya, Cənubi Koreya, Malayziyadakı səfirlikləri və digər diplomatik nümayəndəlikləri tərəfindən Twitter-dən effektiv şəkildə istifadə edilir. Bununla bərabər, diplomatik nümayəndəliklərimiz tərəfindən fəaliyyət göstərdikləri ölkələrdə hansı sosial şəbəkələrin daha çox istifadə olunduğu amili də nəzərə alınır. Belə ki, bir çox ölkələrdə, o cümlədən Avropa İttifaqı ölkələrinin bir çoxunda, məsələn, Twitter hələ də bir o qədər məşhurluq qazana bilməmişdir. Ona görə konkret şəraitə uyğun olaraq, hansı sosial şəbəkənin daha çox istifadə olunduğu da nəzərə alınaraq, diplomatik nümayəndəliklərimiz tərəfindən bu əsasda fəaliyyət həyata keçirilir. Bununla bərabər, fərdi dialoq və təmasın sosial şəbəkələrdə üstünlük təşkil etdiyini nəzərə alaraq, diplomatik nümayəndəliklərimizin bəzilərinin rəhbərlərinin və XİN-in mətbuat xidmətinin rəhbərinin və hətta xarici ölkələrdə çalışan diplomatlarımızın da profilləri vardır ki, bu da effektiv rabitənin bir tərkib elementidir. Ümumiyyətlə, sosial şəbəkələrin müasir informasiya məkanında artan rolunu nəzərə alaraq, XİN və diplomatik nümayəndəliklərimizin fəaliyyətində bu imkandan aktiv şəkildə istifadə etməyə çalışırıq.

Twitter-i nazirliyin başqa ehtiyacları üçün istifadə etməyi planlaşdırırsızmı?

Ümumiyyətlə, sosial şəbəkələr statik internet saytından fərqli olaraq, mahiyyət etibarilə inter-aktivliyi tələb edir. Yəni, informasiya axını birtərəfli xarakter daşımır və izləyicilər də bu və ya digər formada öz fikirlərini çatdırırlar. Bu da özlüyündə dialoqun bir formasıdır. Ona görə də XİN-in sosial şəbəkə profillərində vətəndaşlar üçün maraq kəsb edə biləcək məlumatlar, o cümlədən konsulluğa aid məsələlər də özünə yer alır. Bir çox hallarda sosial şəbəkələr vasitəsilə vətəndaşlar öz suallarını bölüşür və ya hər hansısa bir məlumat xahiş edirlər. Bu kimi sorğulara da operativ şəkildə cavab verməyə və bizi izləyən auditoriya ilə təmas qurmağa çalışırıq. Sosial şəbəkələr özü daimi inkişaf prosesində olduğu üçün biz də öz fəaliyyətimizdə bu inkişafla uyğunlaşmağa və yaranan yeni meyllərə müqabil olmağa çalışırıq.

Bu Hikmət müəllimin suallarımıza verdiyi cavablar idi, mən isə onu qeyd edim ki, Xarici işlər nazirliyi aktiv olaraq Twitterdan istifadə etsə də, bir çox nazirlik və dövlət qurumlarımız haqqında bunu demək olmaz, ümid edirəm ki, onlar da Xarici işlər nazirliyinin təcrübəsindən bəhrələnərək bu sosial şəbəkənin imkanlarından istifadə etməyə başlayacaqlar.

 

Əli Hacızadə

@AHajizade

P.S. Xarici işlər nazirliyinin mətbuat xidmətinə öz təşəkkürümü bildirirəm!


Kateqoriya: Sosial Media. Qısa keçid.